"Qarabağ"ın braziliyalı legioneri Kadi Borqes klubdakı qol sayını 40-a çatdırıb.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Kubokunun yarımfinalında "Sabah"la keçirilən heç-heçə (2:2) matçında dubla imza atan yarımmüdafiəçi, Ağdam təmsilçisinin heyətində çıxdığı 123-cü oyunda 40-a çatıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Cənubi amerikalı oyunçu qollarının 24-nü Premyer Liqada (70 oyun), 6-sını Azərbaycan Kubokunda (14 oyun), 10-nu isə avrokuboklarda (39 oyun) rəqib qapılarından keçirib.
Bununla da Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçu kimi adını siyahıya yazdırıb.
Qeyd edək ki, braziliyalı "köhlən atlar"ın heyətində ilk qoluna 2021-ci il avqustun 12-də imza atıb. O, Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin AEL klubu ilə Bakıda keçirilən görüşdə fərqlənmişdi.


