"Bu gün həm oyun, həm də matçın hesabı ikinci planda qaldı. Velinovskinin ağır zədə alması bizi çox üzdü. Oyun boyu onu fikirləşmişik. Bəlkə də hansı hesabla qalib gəldiyimizi belə unutmuşduq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində "Lerik"ə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandanın futbolçusu Kristian Velinovskinin ciddi zədə alması ilə bağlı bildirib: "Qarşılaşma bitən kimi uşaqlar xəstəxanaya komanda yoldaşlarının yanına getdi. Ümidvaram ki, zədəsi göründüyü kimi ağır olmaz. "Lerik" rəhbərliyinə də xahişimizi yerə salmayıb, matçın Sumqayıtda keçirilməsinə razılıq verdiyi üçün təşəkkür edirəm. Onlara gələcək oyunlarında uğurlar arzulayıram".