"Səbail" klubu Misli Premyer Liqasının 12-ci turunda doğma meydanda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransındda oyunla bağlı fikirlərini bölüşüb:
"Çox gərgin, dramatik oyun idi. Komanda xarakter göstərdi. Nəticə ikinci plandadır. Əsas futbolçular sağlam olsun. İlk yarıda oyun "Turan Tovuz"un, ikinci hissə bizim tərəfimizdə idi. İlk yarıda futbolçular panikadaydı, ritmdən düşmüşdülər. Fasilədə sakit formada danışdıq. Bunu bacardıq. Beyin sakitləşəndən sonra bədən istədiyini edə bilir. Çox yaxşı oynadıq fasilədən sonra. "Turan Tovuz" da yaxşı oynadı. Gözləməzdim ki, ilk yarıda belə aqressiv olarlar. Onlara uğurlar arzulayıram. Komandama təşəkkür edirəm ki, döyüşdülər, özlərində güc tapdılar. Bir çox qol epizodlarımız da var idi. Layiqli qələbə qazandıq, təsadüfən yox. 12-ci turdur, hər oyunda qol vurmağa çalışırıq. Hücumda çoxluq varsa, müdafiədə azlıqda qalmağa məhkumuq. Çox qol buraxmağımız da bununla bağlıdır".