Bu gün "Neftçi" klubunun yeni idman direktoru Yens Anderssonun təqdimat mərasimi baş tutub.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"la 2 illik müqavilə imzalayan 50 yaşlı mütəxəssis fikirlərini bölüşüb, jurnalistlərin suallarını cavablayıb.

Mətbuat konfransında klubun icraçı direktoru Fərrux Mahmudov və baş məşqçi Adrian Mutu da iştirak edib.

Fərrux Mahmudov yeni təyinat barədə qeyd edib: "Yeni idman direktorumuzun "Neftçi"yə keçidi təkcə komandamız üçün deyil, həmçinin akademiyanın inkişafında böyük rol oynayacaq. Anderssonun karyerası ərzində bütün yaş qrupları üzrə inkişafında rolu olub, ümid edirik, bu, bizimlə də davam edəcək. Klub rəhbərliyi olaraq Adrian Mutuya, kapitanımız Emin Mahmudova, futbolçulara güvənirik. Komanda beşinci yeri tutur, lakin liderlə cəmi beş xal fərqi var. Buna baxmayaraq, əsas mübarizə hələ qabaqdadır. Azarkeşlər "flaqman"ın ilk pillələrdə olmasını istəyir. Bunu biz də istəyirik, bir az səbirli olmaq lazımdır. Əsas komanda ilə yanaşı əvəzedicilərə, aşağı yaş qruplarına da diqqət ayırırıq".

Yens Andersson "ağ-qaralar"ın oyununu canlı izlədiyini, planlarını həyata keçirməsi üçün vaxt lazım olduğunu bildirib:

"Neftçi"də və Bakıda olmağımdan məmnunam. Bir neçə gündür burdayam, lakin klub, Bakı və məşqçi heyəti ilə bağlı çoxlu təəssüratlarım var. Düşünürəm ki, klubdakı vəzifəmdən zövq alacam, və bu yolda bu təcrübəm faydalı olacaq. İlk günlərdə klubu araşdırdıq. Təkcə əsas komandanı yox, akademiyanı da diqqətdə saxlayırıq. "Neftçi" ilə başladığımız proyektin gələcəkdə uğurlu olacağını düşünürük. Nəzərə almaq lazımdır ki, buna vaxt gərəkəcək. "Neftçi" klubu ilə işləməyi səbrsizliklə gözləyirəm".