"Zirə" klubu Misli Premyer Liqasının 10-cu turunda səfərdə "Kəpəz"lə 0:0 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna çox pis başladıq. "Kəpəz" ilk hissədə meydanda rahat idi. Qapımıza təhlükəli zərbələr vurdular. İkinci hissədə oyunumuzu düzəltdik. Təəssüf ki, bunu nəticəyə çevirə bilmədik. Heç-heçə ədalətli nəticədir.
- Komandada bitiricilik çatmır. Bu haqda nə deyə bilərsiniz?
- Keyfiyyətlə bağlı problem yaşayırıq. Heyətimizdə yaradıcı futbolçu qıtlığı var. Digər komandalara baxırıq, heç nədən qol yaradırlar. Ümumən futbolçuların çıxışından razıyıq. 20 xal toplamışıq. Sadəcə olaraq oyun baxımından daha yaxşısını istəyirəm.
- Sizə elə gəlmir ki, zirvədə qalmaq çətin olacaq?
- Təbii ki, çətin olacaq. Bu gün ilk hissədən narazı idim. Amma ikinci hissədə yaxşı oynadıq. Çempionat çətin keçir. Kim daha istəkli olacaqsa, o da üstünlük qazanacaq. Nəsə proqnoz vermək çətindir. Bəzi mövqelərdə usta futbolçuya ehtiyacımız var.
- "Qarabağ"ın arxadan gəlməsi üzərinizdə təqyiq yaratmır?
- Yox. "Qarabağ"ın xal toplaması bizdə basqı yarada bilməz. Onların gücünə hamımız bələdik. Bütün matçlar ağır keçir. Oyunları təhıil edəndə əmin olmursan ki, hansısa rəqib üzərində dominantlıq edəsən. Hamı böyük çətinliklə qələbə qazanır. Bu, futbolumuz üçün yaxşıdır. Uzun illərdir ki, çempionatda rəqbatin olmasını istəyiridik. Bu mövsüm bunu görürük. Bizi çox maraqlı mövsüm görünür.
- Milli komanda ilə adınız hallanır. Bu, "Zirə"dəki işinizə təsir etmir?
- Yox,qəti təsir etmir. Uzun illərdir futbol ictimaiyyəti millidə yerli məşqçinin çalışmasını istəyir. Mən də yerli məşqçilərdənəm. Adımın hallanması normaldır. Bu gün bütün varlığımla "Zirə"nin uğurları üçün çalışıram.
- Həm klubda, həm də millidə işləməyə razı olarsız?
- İki yerdə işləməyi Azərbaycanda yalnız Qurban Qurbanov bacara bilər. Mən və digər məşqçilər üçün çox çətin olar.