"Avstriyaya qarşı oyun çox çətin olacaq. Avstriya millisi çox yaxşı komandadır".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi sabah Avro-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin üstün keyfiyyətlərə malik komanda olduğun söyləyib: "Əsas oyunçuları olmayacaq. Amma ilk oyunla müqayisədə çox inkişaf ediblər, modern futbol oynayırlar, Ralf Ranqnik yaxşı futbol oynadır. Onların Belçika matçındakı nəticəsi aldadıcı ola bilər. Avstriya rəqibdən daha yaxşı oynadı".
Avstriya yığması sabah Azərbaycana qarşı matça itkilərlə çıxacaq. Rəqibin heyətində 5 əsas oyunçusu olmayacaq. Canni De Byazi isə "Sabah qələbə qazanmaq mümkündür? Hər halda, qalib gəlsək 7 xalımız olacaq və qrupdakı vəziyyətimiz də dəyişə bilər" fikrinə belə cavab verib: "Pozitiv düşünürsüz, çox xoşuma gəldi. Asan olmayacaq. İlk matçda da fikirləşirdim ki, nəticə fərqli olacaq. Amma 1:4 uduzduq. 0:2-dən sonra lazımsız səhvlərə yol verdik, rəqibin işi asanlaşdı. Komanda kimi inkişaf edirik, 14 matçda 7 qələbə qazanmışıq. Sabah da yaxşı nəticə qazanmağa çalışacağıq ki, uğurlu nəticəyə davam edək. Avstriyada 5 futbolçu yoxdur, amma vacib oyunçuları var".
Baş məşqçi azarkeşlərə də səslənib və onları Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyuna dəvət edib: "Əgər sabah gəlib, bizə kömək etsələr, 12 nəfərlə oynayacağıq. Gəlməsələr, 11 nəfər olacağıq. Stadionda azarkeş çox olanda, dəstək veriləndə gözəldir. Sabah çətin olacaq. Amma çalışacağıq ki, pozitiv nəticə qazanaq".
O, Azərbaycan millisinin oyunöncəsi məşqi Tofiq Bəhramov adına Respublika Stadionunda keçirməməsinə də toxunub: "Çox istəyərdik ki, orada keçirək. Sadəcə bizə dedilər ki, meydança ideal vəziyyətdə deyil və məşq etsək, meydança dağıla bilər. Ona görə "Dalğa Arena"da məşq edəcəyik".
Canni De Byazi "Yığmamız səfərə qayıtdıqdan sonra çətinliklər çəkir. Bu mənada, sabahkı matç üçün heyətdə dəyişikliklər olacaqmı" sualına belə cavab verib: "Ağır oyundan, uzun səfərdən gəlirik. Bu gün ilk məşqimizi edəcəyik. Dünən ancaq bərpa məşqi etmişik. Dəyişikliyə bu gün qərar verəcəyik. Sabah ağır oyun olacaq, çox qaçacağıq".