"Qəbələ" Misli Premyer Liqasının 5-ci turu çərçivəsində ötən gün doğma divarlar arasında lider "Zirə"ni məğlub etməyi bacarıb - 1:0.
"Qırmızı-qaralar" bununla cari çempionatda ilk qələbəsini qazanıb. Meydan sahiblərinin qapıçısı Rəşad Əzizli Offsideplus.az-a açıqlamasında matçla bağlı fikirlərini bölüşüb:
"Bu matçda qələbə qazanacağımıza çox inanırdıq. Son oyunlardan sonra çox şükür ki, bu vəziyyətdən çıxmağı bacardıq. Görüşün ilk hissəsində üstünlük tam bizdə idi, hesabı da açdıq. İkinci yarıda isə bilirdik ki, "Zirə" tam güclə hücum futbolu sərgiləyəcək və buna uyğun olaraq əks-hücumları fikirləşirdik. Əsas olan 3 xal idi ki, onu da qazandıq. Bütün "Qəbələ" azarkeşlərini, rəhbərliyi, komanda yoldaşlarımı təbrik edirəm".
29 yaşlı "əlcək sahibi" Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qarşıdan gələn oyunları üçün millidən dəvət gözlədiyini də bildirib:
"Millidə oynamaq arzumdur. Böyük futbolda olan hər kəsin arzusu budur ki, milli komandada oynasın. Ötən mövsüm "Şamaxı"nın heyətində Premyer Liqada bütün matçlarda meydanda oldum, amma dəvət göndərilmədi. Bu gün yenə də ümidliyəm. Milli komandadan dəvət gözləyirəm. Son qərar baş məşqçinindir. Fikrinə hörmətlə yanaşıram".
Daşqın Əziz