“Səbail” klubunun baş məşqçisi Şahin DiniyevTürkiyə toplanışı çərçivəsində ilk yoxlama oyunlarından - “Ərzurumspor”la matçdan sonra təlim-məşq toplanışı və qarşılaşma haqqında fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki,o, "dənizçilər"in mətbuat xidmətinə açıqlamasında deyib:
“Yeni mövsümə hazırlıq normal şəkildə davam edir. Qarşımızda duran əsas vəzifə komandanın funksional hazırlığının yüksək səviyyəyə çatmasıdır. Futbolçuların hər biri bunun üçün böyük həvəs və istəklə çalışır. Bugünədək taktiki sistem üzərində işləməmişik. Oyunçular sırf yükləmə dövrünün hazırlığını keçirdi. Oyunun nəticəsi bizim üçün önəmli deyil. Sadəcə, komanda demək olarki yenidən yığılıb. Bu gün meydanda mübarizə aparan ilk “11-lik”də 8 yeni futbolçu var idi. Aralarında uyğunlaşma problemi olması normaldır. Buna baxmayaraq, komanda yaxşı mübarizə apardı. Daha yaxşısını etmək üçün potensialımız var. Bu oyun sıralarımıza yeni qoşulan futbolçuların komandaya sürətlə uyğunlaşmaq istədiklərini göstərir. Bugünkü qarşılaşmada yorğunluq fonunda xarakter göstərdik. Düşünürəm ki, bundan sonra hər şey daha yaxşı olacaq. Həm oyun, həm də taktiki baxımdan komandanın potensialı böyükdür”.
Qeyd edək ki, "Səbail"in Superliqa təmsilçiləri "Konyaspor" və “Sivasspor”la da oyunları nəzərdə tutulub.