"Qəbələ" klubu Azərbaycan Kubokunun finalında "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək titula sahib olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
- Daha çox komandama görə sevinirəm. Mövsüm ərzində çox çətin və əziyyətli günlər keçirdik. Futbolçulara təşəkkür edirəm. Komandam tarix yazdı. Daha da yaxşı "Qəbələ" görmək istəyirəm.
- Qələbəni gətirən əsas amil nə oldu?
- Futbolçular əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Düşünürəm ki, layiqli qələbə qazandıq.
- Kubokun qazanılması "Qələbə"nin büdcəsinin artmasına səbəb ola bilər?
- Mən bu komandanın daha güclü olmasını istəyirəm. Çalışacağıq ki, heyəti qoruyaq və yeni futbolçularla güclənək.
- Baş məşqçi kimi ilk kubokunuzdur. Təəssüratlarınız necədir?
- Əlbəttə ki, kuboku qazanmaq nailiyyətdir. Amma daha çox futbolçularıma görə sevinirəm.
- Rəqib baş məşqçi son dəqiqələrdə feyr-pleyə qarşı çıxdı. Bu haqda nə deyə bilərsiniz?
- Onu da başa düşmək olar. Komandası məğlub olurdu. Belə etmək istəməzdi. Amma bu, futboldur. Belə hallar olur.