"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 34-cü turunun "Qarabağ"la (0:3) matçından sonra keçirilən mətbuat konfransına qatılıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib:
"Qarabağ"ı layiqli çempionluq münasibəti ilə təbrik edirəm və onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Komandam bacardığı qədər mübarizə apardı. Bu gün ilk qolu vuran komanda qalib gələcəkdi. İlk yarıda iki qol epizodumuz var idi. Amma qol buraxdıqdan sonra komanda "sındı". Bu cür rəqiblə oyunda geridönüş etmək çətindir. Səviyyə öz sözünü dedi. İki standart vəziyyətdən buraxdığımız qollar yerində deyildi. 0:3 darmadağındır, sadəcə oyuna görə olmadı. Fərdi keyfiyyətlər özünü göstərdi. Qarşıda iki oyunumuz qalıb. Meydana maksimum nəticə üçün çıxacağıq. Hər şey öz əlimizdədir. Ruhdan düşümək lazım deyil. Futbolçulara təşəkkür edirəm ki, "Qarabağ"a qarşı layiqli mübarizə apardılar. 70 dəqiqə ərzində uduzmurduq".