“Səbail" klubunun baş məşqçisi Şahin Diniyev Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları (ilk oyun 2:3) oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Qələbə"ni təbrik edirəm. Kuboka bənzər bir oyun idi. İstək, xarakter, emosiyalar var idi. Birinci hissədə biz daha dominant futbol oynadıq. Üç qol vəziyyətimiz oldu, istifadə edə bilmədik. 46-cı dəqiqədə gördüyümüz qırmızı vərəqə bütün planlarımızı pozdu. Bir neçə oyundur rotasiya edirik. Üç gündən bir oyunlara gücümüzü saxlamağı düşünürdük. Komandama təşəkkür edirəm, xarakter göstərdilər. Qırmızı vərəqələr oyun epizodu idi, buna etiraz edə bilmərik. Adil Nağıyevin aldığı qırmızı vərəqə isə yersiz idi. Düzdür, çox şeyi dəyişməyəcəkdi. Amma oyun nizam-intizamı var. Onun hərəkətini heç bəyənmədim. Özünə də iradımı bildirdim. Hakimin gözündən qaçan bəzi kiçik foullar var idi. Onlar da böyük fəlakətə gətirib çıxarırdı.
Komandanın göstərdiyi oyun xoşuma gəlir. Artıq oturuşmuş oyun sistemimiz var. Qarşıda beş oyunumuz var. Premyer Liqada qalmaq şanslarımız var. Bundan maksimum dərəcədə istifadə etməyə çalışacağıq. Artıq rotasiyalar qurtardı. Əsas heyətin futbolçuları oynadıqdan sonra nəticə olacaq. İnanıram ki, Qəbələdən uğurlu nəticə ilə qayıdacağıq.
Eyni rəqibi 6 dəfə təhlil etmişik. Futbolçulara dedim ki, artıq kimin necə oynadığını özünüz bilirsiz. Bir rəqiblə 6 dəfə oynamaq çox çətindir. Məcburuq. İrəli getməliyik. Premyer Liqada qalmaq istəyiriksə, irəlidə oynamağa məcburuq. Xarakter və oyun var. Uduzmağımıza baxmayaraq xarakter göstərdik. Bu ikisinin sintezi olacaqsa, uğur da gələcək”.