“Neftçi” klubu Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında “Turan Tovuz”la qarşılaşıb. Həmin matçda “ağ-qaralar” minimal hesabla məğlub olub - 0:1.
Fasilə zamanı "ağ-qaralar"ın prezidenti Kamran Quliyev stadionun tunelinə daxil olaraq oyunun rəsmi şəxslərinə qarşı işlətdiyi ifadələrə görə, AFFA İntizam Komitəsi tərəfindən ölkə kubokunda 3-ü şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib. Sınaq müddəti isə 6 ay təyin edilib.
"Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məsələ ilə Offsideplus.az-a açıqlamasında İntizam Komitəsinin qərarına görə klub tərəfindən apellyasiya şikayəti veriləcəyini bildirib:
“Biz cəza gözləmirdik. Orada proseslər oyundan sonra baş verməmişdi. İlk hissənin sonunda tuneldə hakimlərə irad bildirildi ki, rəqib komandanın müdafiəçiləri çox sərt oynayırlar, ancaq buna müdaxilə olunmur. Orada hansısa təhqir, əl hərəkəti, hakimi vurmağa cəhd göstərmək olmayıb. Başverənlər protokola qeyd olunub və bunun əsasında AFFA İntizam Komitəsi qərar verib. Bununla bağlı etirazımız olacaq. Apellyasiyaya müraciət etməyi planlaşdırırıq”.
Daşqın Əziz