13 aprel saat 10:00-da AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
İclas zamanı Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni de Byazi İcraiyyə Komitəsinə hesabat verəcək.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, federasiya Avro-2024-cü seçmə mərhələsində Avstriya və İsveçlə görüşlərdə (1:4, 0:5) alınan böyükhesablı məğlubiyyətlərə rəğmən, 66 yaşlı mütəxəssislə yolları ayırmayacaq. Qurum hazırda millinin "sükanı arxasına" gətirməyə alternativ variantı olmadığı, həm də italiyalıya yüksək məbləğdə təzminat ödəməli olduğu üçün De Byazinin müqaviləsinin bitəcəyi müddətədək - bu ilin 30 noyabrına qədər yola onunla davam edəcək.
Bundan başqa, AFFA Azərbaycan futbolu ilə bağlı fövqəladə qərar qəbul etməyə hazırlaşır. Belə ki, ölkənin ali futbol qurumu gələn ay növbəti mövsüm elitada 12 komandanın çıxış etməsi ilə bağlı qərar verəcək. Bu isə o deməkdir ki, cari mövsümdə sonuncu yeri tutan komanda Premyer Liqanı tərk etməyəcək. Əksinə, yeni "sezon"da ölkə çempionatında 12 komanda çıxış edəcək.
Elitaya yüksəlmək üçün ən böyük şans isə "Araz Naxçıvan"dadır. Naxçıvan təmsilçisi artıq Birinci Divizionda sona 5 tur qalmış 54 xalla çempionluğu təmin edib. Klubun baş məşqçisi Azər Bağırov saytımıza açıqlamasında bütün lisenziya şərtlərinin yerinə yetirildiyini də bildirib.
Digər klubun isə "Zaqatala" olacağı ehtimal edilir. Bugünlərdə PFL rəsmiləri sözügedən bölgəyə də yollanıblar.
Offsideplus.az