"Bizim üçün axşam o qədər də xeyirli olmayacaq. Amma həyat davam edir. Gərgin oyun keçdi, 6 xala bərabər matç idi. Ən azı uduzmamalı idik. Futbolçular ikinci hissədə dayandılar. Belə meydanda oynamaq çətindir. Son dəqiqələrdə üç hücumçu ilə oynadıq. Hələ heç nə bitməyib. Premyer Liqada qalmaq üçün "Şamaxı" ilə vuruşmalıyıq. Ümidliyəm. Qarşıda səkkiz oyun qalıb. Bu komanda oyununa görə Premyer Liqada qalmağa layiqdir. Maksimum xallar qazanmağa çalışacağıq. Yolumuza davam edəcəyik".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Səbail" klubunun baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının "Kəpəz"lə (1:0) səfər görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Dünən "Sumqayıt" qələbə qazanmağı bacardı. Oyuna fiziki, taktiki, yoxsa psixoloji olaraq hazırlaşmışdız?
- Daha çox psixoloji hazırlığa fikir veririk. Futbolçular uduzmaqdan qorxur. Qorxursansa, bu başına gələcək. Ən böyük problemimiz psixologiya ilə bağlıdır.
- Mahmud Qurbanovun vaxtında da komanda qol epizodlarını dəyərlındirə bilmirdi. Bu gün də eyni problem davam edir...
- Futbolçularım haqda mənfi fikirlər səsləndirmək istəmirəm. Ustalıq səviyyəsi çatışmır. Bunu psoxologiyanın da üstünnə atmaq olar. Amma 2 metrdən qol vura bilmiriksə, bunun psixoloji durumla əlaqəsi yoxdur. Birdən-birə nəyisə dəyişmək olmur. Səkkiz xal toplamışıq. Əvvəldən xalımız çox olsaydı, indi daha rahat idik. Reallıqla barışıb mübarizə aparacağıq. Şükürlər olsun ki, ölən yoxdur. Həyat davam edir. Hər şeyin altında faktlar dayanır. Fakt da odur ki, uduzmuşuq. Xəyallarla yaşasaq, çox şey qura bilərik. Həyat reallıqdır. Reallıqla barışmaq lazımdır.
- Daha əvvəl "Kəpəz"də işləmisiz. İllər sonra rəqib kimi gəldiniz. Hansı hisslər keçirdiz?
- Həmişə demişəm ki, Gəncə azarkeşləri savadlı, futbolu biləndi. Yaxşı qarşıladılar, sağolsunlar. Bu şəhərdə futbol oynamışam, məşqçilik etmişəm. "Səbail"lə matçdan sonra "Kəpəz"dən ayrılmışdım. Bir neçə ildən sonra məhz "Səbail"lə Gəncəyə gəldim. Bu da bir təsadüfdür.