"Baş məşqçi kimləri lazım bilibsə, onları da çağırıb. De Byazinin qərarına hörmətlə yanaşıram".

 Bu sözləri Offsideplus.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rəşad Əzizli deyib. 29 yaşlı qolkiper Azərbaycan millisinin baş məşqçisi Canni de Byazinin yığmamızın Avstriya və İsveçlə oyunları üçün ona dəvət göndərməməsi haqda danışıb. O, italiyalı çalışdırıcının qərarına hörmətlə yanaşdığını bildirib:

"Millidə oynamaq mənim üçün şərəf və ən böyük uğur sayılardı. Bu, baş məşqçinin seçimidir və hörmətlə yanaşıram. Qarşıdakı matçlarda özümü yaxşı tərəfdən göstərib, millidən dəvət gözləyəcəm. İnanıram ki, yığmaya çağırılacam. Komandamıza uğurlar arzu edirəm".

Xatırladaq ki, De Byazi millinin qarşıdakı iki oyunu üçün 3 qapıçıya - Səlahət Ağayev, Emil Balayev və Yusif İmanova dəvət göndərib.

Offsideplus.az