Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İctimai TV-də yayımlanan "Bol İdman" verilişinə müsahibə verib.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis yeni müqavilədə maaşının azaldılması ilə bağlı yayılan xəbərlər barədə bu sözləri deyib:

"İlk növbədə müqaviləm mənə və federasiyaya məxsusdur. Şərtləri açıqlamaq istəmirəm. Artıq klubda işləmək istəmirəm. Bir millidən təklif vardı, lakin artıq Azərbaycan millisinin baş məşqçisi idim. Mən bir işi başladımsa, onu bitirmək istəyirəm. Müqaviləmə hörmətlə yanaşıram. Təbii ki, federasiya mənimlə əməkdaşlıqda maraqlı olmasa, digər təklifləri nəzərdən keçirmək olar".

De Byazi millinin futbolçularının maaş almadığı üçün hansısa uğurlu nəticədən sonra verilən mükafatın normal olduğunu bildirib:

 

"Mən bu mövzuda danışmağı sevmirəm. Sosial mediada yazılanların 90 faizi səhvdir. Bu tarixən belə olub. Bütün millilərdə qələbəyə görə mükafat olur. Mən 2011-ci ildən milli komandalarla işləyirəm. Həmişə belə olub. Təbii ki, insan bir işi ilk olaraq sevdiyi üçün görür və qarşılığını da görmək istəyir. Uğur varsa, bunun müqabilində mükafatlandırılması da normaldır. Futbolçular millidə maaş almırlar. Burada belə şeylərə çox fikir verirlər. Nə qədər qazandı? Neylədi? Amma daha çox fikirləşmək lazımdır ki, necə edək qələbə qazanaq. Əsas məsələ yaddan çıxır. Mən bura pul qazanmağa gəlməmişəm. Mən bura uğur, nəticə qazanmağa gəlmişəm. İstəsəydim, işləməzdim hazırda evdə ailəmlə oturub rahat yaşayardım".