"Sumqayıt" Misli Premyer Liqasının 25-ci turunda "Səbail" səfərindən 3 xalla ayrılıb.
Minimal hesabla bitən matçda (0:1) "kimyaçılar"ın qolunu 90+7-ci dəqidədə penalti zərbəsini dəqiq yerinə yetirən Terrens Tisdel vurub.
"Sumqayıt"ın mərkəz yarımmüdafiəçisi Səbuhi Abdullazadə oyunla bağlı fikirlərini Offsideplus.az-la bölüşüb. 21 yaşlı futbolçu bu qələbənin onlar üçün çox vacib olduğunu bildirib:
"Səbail"lə oyuna ciddi hazırlaşmışdıq. Qələbənin bizim üçün nə qədər önəmli olduğunu bilirdik və yekunda da istəyimizə nail olduq. Bu nəticəyə çox ehtiyacımız vardı. Qazandığımız 3 xal bizim üçün 6 xala bərabərdir. Ümid edirəm ki, oyundan-oyuna daha da artıracağıq. Qarşıdakı matçlarda da qələbə qazanıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 21-ə çatdıran "Gənclik şəhəri" təmsilçisi turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.
Daşqın Əziz