"Kəpəz"dən ayrıldıqdan sonra futbolçu karyerasını bitirən Əfran İsmayılov məşqçilik kurslarına gedir.

 Bu barədə Offsideplus.az-a danışan keçmiş futbolçu hazırda B kateqoriyası üzrə kurslara qatılır. O, Gəncə təmsilçisində yaşanan hadisələri unutduğunu və irəli baxdığını söyləyib: "Kəpəz"dən ayrıldıqdan bəri prosesləri izləmirəm. Çünki vaxtım olmur. Həm də artıq irəli baxmaq lazımdır. Hazırda B kateqoriyası üzrə məşqçilik kurslarına qatılıram. O cümlədən idman ustası adı almaq üçün də çalışıram. Karyeram bir yerdən başlamışdısa, bir yerdə də bitməli idi".

İsmayılov, Azərbaycan millisinin UEFA Millətlər Liqasında qarşıdan gələn oyunlarından gözləntilərini də bölüşüb: "Milli komanda hər zaman gözümüz olub. Həmişə arzulamışam ki, komandamız qələbə qazansın. Yenə də yığmamızdan qələbələr gözləyirəm. Son vaxtlar millidə ciddi irəliləyişlər var. Həm sxemdə, həm də oyun planında müsbət dəyişikliklər hiss olunur. Millətlər Liqasında çətin rəqiblərlə qarşılaşacağımıza baxmayaraq, yığmadan mübariz oyun, yaxşı nəticələr gözləyirəm. Bunu bacara bilərik".

Offsideplus.az