"Oyuna çətin vəziyyətdə hazırlaşmışdıq. Çünki Şamaxıda qar yağıb və məcburiyyətdən Bakıda məskunlaşmışıq. Burada qalmağımızın da bəzi çətinlikləri var. Buna baxmayaraq, futbolçularımıza tapşırıqlar vermişdik və onun da öhdəsindən gəldilər. Xüsusilə də, ikinci yarıda istədiyimiz futbolu sərgilədilər. Təəssüflər olsun ki, qol vura bilmədik. "Sumqayıt"ı təbrik edirəm, layiqli qələbə qazandılar. Gələcək oyunlarda onlara uğurlar arzulayıram. Azarkeşlərimizə soyuq havada, uzun yol qət edib bizi dəstəkləməyə gəldikləri üçün onlara təşəkkürümü bildirirəm".
Offsideplus.az xəbər verir ki, bunu "Şamaxı" klubunun baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 22-ci turunun "Sumqayıt"la matçından sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Dörd oyunda cəmi 1 qələbə qazanıb, üç matçda uduzmusunuz. Belə nəticəni ehtimal edirdiz?
- Biz əvvəlcədən də bilirdik ki, oyunlar çətin olacaq. Xüsusilə də qışdan sonra. Rəqiblərin heyətində keyfiyyətli legionerlər var. Biz isə sıfırdan formalaşmışıq. Amma əlimizdən gələni edəcəyik ki, xal toplayıb liqada qalaq.
- Komandada maliyyə problemləri var? Bildiyimiz qədərilə mükafatlar verilmədiyinə görə kollektivdə narazılıq yaşanıb...
- Xeyr, belə problemimiz yoxdur. Problemlərimiz odur ki, qar yağdığına görə stadionumuzdan istifadə edə bilmirik. Bakıda məskunlaşmışıq. O da müəyyən çətinliklər yaşadır. Hərə bir tərəfdən məşqə gəlir. Hazırlaşırıq.