2022-ci ilin sonuncu - XVIII turunun nəticələrindən asılı olmayaraq, “Qarabağ” qış çempionu olub.

Ağdam təmsilçisi hazırda turnir cədvəlində "Sabah"la 7 və "Neftçi" ilə isə 12 xallıq fərq yaradıb. Tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Offsideplus.az-a açıqlamasında Masazır təmsilçisi və "ağ-qaralar"ın çempionluq yarışındakı şanslarını dəyərləndirib:

 

“Çempionatın əvvəlindən “Sabah” və “Neftçi” komandalarının oyunlarını izləyəndən sonra bu fikrimdə qalmışdım ki, “Qarabağ” maneəsiz çempion olacaq. Son turdakı oyunlar da bunu göstərir. Düzdür, Ağdam təmsilçisi kubokda məğlub oldu, lakin bu, yorğunluqdan irəli gəlir. “Qarabağ” son aylarda çox oyun keçirdi, futbolçular yorulub. “Neftçi” və “Sabah” da daxil olmaqla, gələn ilə komandaların daha yaxşı haırlaşacağını gözləyirəm. Qış fasiləsini səmərəli istifadə edib, heyətlərinə futbolçular cəlb edə bilərlər. Bu futbolçuların keyfiyyətini zaman göstərəcək. Arzum odur ki, “Neftçi” çempion olsun. Lakin çempionatda “Qarabağ”la ayaqlaşası komanda yoxdur. Düzdür, “Sabah” komandası yaxşı start vermişdi. Son oyunlarda isə xallar itirir, turnir cədvəlində özündən aşağı yerdə qərarlaşan komandalara məğlub oldu və “Qarabağ”la fərqi 7-yə çatdırdı. “Qarabağ”ın bu mövsüm çempion olacağını, “Neftçi” və “Sabah”ın isə ikinci yer uğrunda mübarizə aparacağını düşünürəm”.

Qeyd edək ki, "Qarabağ" 47 xalla turnir cədvəlinin lideridir. 40 xal toplayan "Sabah"  ikinci, "Neftçi" isə 35 xalla üçüncü yerdə qərarlaşıb.