Tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Azərbaycan Kubokunun 1/4 finalının nəticələrini dəyərləndirib.
57 yaşlı mütəxəssis Offsideplus.az-a açıqlamasında "Qarabağ" və "Sabah" komandalarının kubokla vidalaşmasının gözlənilməz olduğunu söyləyib:
“Qarabağ” komandasının məğlub olması gözlənilməz oldu. “Qəbələ”nin qalib gəlməsini aşağılamırıq, Bakıdakı oyunda da gözəl çıxış etmişdilər. Lakin Ağdam təmsilçisinin kubokda irəliləyəcəyini gözləyirdim. “Qəbələ” yaxşı oyunu ilə “Qarabağ”ı Azərbaycan Kubokundan kənarlaşdırdı, bu isə əsl sürpriz idi. “Səbail”in “Sabah”a qalib gəlməsi də təəccüb doğurdu. İlk oyunda 3 qolla qalib gələn komanda 2 qol buraxmışdı. Düşünürdüm ki, Masazır təmsilçisi öz meydanında “Səbail”ə qalib gələ bilərdi. “Səbail” əzmkar oyun göstərdi və yarımfinala vəsiqə qazandılar. Çempionat oyunlarında da belə mübarizə aparmaqlarını arzu edirəm".
Y.Hüseynov "Turan Tovuz" və "Neftçi"nin yarımfinala vəsiqə qazanması barədə fikirlərini bölüşüb:
"Qərb derbisinə gəlincə, Gəncə komandasının qalib gəlməsini istərdim. Əfsuslar olsun ki, matç heç-heçə ilə başa çatdı və “Turan Tovuz” yarımfinala yüksəldi. Oyun maraqlı yox, gərgin idi. Hər iki komanda qalib gəlmək istəyirdi, buna görə də diqqətli oynayırdılar. “Kəpəz” ilk hissədə qollar buraxandan sonra birinin əvəzini çıxdı. Qalib gəlmək üçün hücuma atılsalar da, alınmadı. Dramatik bir oyun keçdi və sonda sevinən tərəf Ayxan Abbasovun komandası oldu.
“Neftçi” “Zirə”yə üstün gələrək, yarımfinala adladı. Açığı, belə oyunla keçməyini arzu etməzdim. Çox zəif çıxış etdilər, “Neftçi”ni “Zirə”yə qarşı oyunda tanımaq mümkün deyildi. Bəlkə də “ağ-qaralar”ın ən zəif oyunu idi. Buna baxmayaraq, mərhələni keçdilər. Komandaya uğurlar arzulayıram, arzu edirəm ki, yaxşı oyunlarla qalib gəlsinlər".
"Keşlə"nin (indiki "Şamaxı" - red.) sabiq baş məşqçisi "Səbail" və "Turan Tovuz" komandalarının yarımfinalda daha həvəsli olacaqlarını bildirib:
"Kubok çempionatdan tamam fərqlidir, orada motivasiya başqa olur. “Neftçi” və “Qəbələ” çempionatda yüksək yerləri hədəfləyərək avrokuboklar üçün mübarizə aparırlar. “Turan Tovuz” və “Səbail” komandaları turnir cədvəlinin ikinci “5-liy”ində olduqları üçün avrokuboklarda iştirakları çətinləşir. Bu səbəbdən, adıçəkilən kollektivlərin avrokubok şansları Azərbaycan Kubokuna qalır. Ona görə də, meydançada bütün güclərini “Səbail” və “Turan Tovuz” komandaları qoyacaq. Qışdan sonra komandaların güclənməsini, heyətinə futbolçular cəlb etməsini görəcəyik. Lakin oyuna çıxanda Tovuz komandası və “dənizçilər”in həvəsli olacağını düşünürəm. “Neftçi” və “Qəbələ” komandalarının heyət, oyun baxımından üstün olduqlarını qeyd etmək lazımdır. Yarımfinala kimi “Turan Tovuz” və “Səbail” komandaları transferlər reallaşdırmasa onlara çətin olacaq. Oyunçu götürməsələr, “Neftçi” və “Qəbələ”nin finala çıxmaq şansı çoxdur.
Qeyd edək ki, Azərbaycan Kubokunun "Qəbələ" – "Səbail" və "Turan Tovuz" - "Neftçi" komandaları arasında keçiriləcək yarımfinal matçları 2023-cü ilin 19 və 27 aprel tarixlərində keçiriləcək.