“Futbolçularımı təbrik edirəm. Bizim üçün vacib matç idi. Bir neçə futbolçumuzda şübhəli əzələ zədəsi oldu. Bəzi futbolçular yoruldu, bəlkə zədəlilər də olacaq. Yaxşı çıxışla 3 xal əldə etdik. Azarkeşlərə təşəkkür edirəm, rəqibə uğurlar arzulayıram”.
Offsideplus.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov Misli Premyer Liqasının 16-cı turunda "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra səsləndirib.
“Komandamız uzun müddət birlikdə deyildi. Təcrübəli futbolçular belə vacib görüşdə özlərini ələ almalı idilər. Yorğunluq beyinə də təsir edir. Bu, hələlik məni narahat edir. Əvvəlki qarşılaşmalardan nəticə çıxarmışdıq. Futbolçularımı tanıyıram və hər şeyi başa düşürəm” - deyə o bildirib.
Mütəxəssis bu gün komandasının "Neftçi"dən yaxşı çıxış etdiyini söyləyib: “Əvvəlki matçlarda istifadə olunmayan qol şanslarından yararlandıq. “Neftçi” həmişə “Neftçi”dir. Bu gün bizim oyunumuz daha yaxşı alındı”.
O, kapitan Maksim Medvedevin müdafiənin sağında çıxış etməsi bağlı deyib: “O, daha çox təcrübəsinin hesabına oynadı. Maksim üçün birdən-birə orada çıxış etmək asan deyil. Həm də uzun müddət zədəli idi və oyun təcrübəsi az idi. Daha yaxşı Maksim görmək istəyirik”.
O, futbolçusu Ramil Şeydayev haqda da danışıb: "Rəqib qapıçı yaxşı oynadı. Hücumçunun borcudur ki, qol epizodlarına girsin və istifadə eləsin. Bu gün Ramil yaxşı idi".