Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları başa çatıb.

 Növbəti mərhələyə vəsiqə qazanan komandalar arasında "Turan Tovuz" da var. Qərb təmsilçisi "Şamaxı" ilə matçda minimalhesablı qələbə qazanaraq 1/4 finalda oynamaq hüququna yiyələnib.

Komandanın yarımmüdafiəçisi Ehtiram Şahverdiyev Offsideplus.az-a açıqlamasında "Şamaxı" ilə oyun barədə danışıb. 26 yaşlı futbolçu bu matçın komandası üçün çətin keçdiyini bildirib:

"Şamaxı" gənc oyunçulardan yığılmış komandadır. Matçdan-matça necə oynadıqlarını hər kəs görür. Bizi çətin oyunun gözlədiyini bilirdik və qarşılaşma da olduqca ağır keçdi. Düşünürəm ki, düzgün oynadıq və lazım olan qələbəni qazanaraq növbəti mərhələyə adladıq".

Şahverdiyev "Turan Tovuz"un 1/4 finalda "Kəpəz"lə keçiriləcək oyunundan gözləntilərini də bölüşüb:

"Kəpəz"lə oyunadək Premyer Liqada "Sabah"la çətin matçımız var. İndi ancaq bu görüş haqda düşünürük. "Kəpəz"lə oyuna da ciddi hazırlaşacağıq. Bizi kubokda iki ağır oyun gözləyir".

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunları 8-9 və 19-20 dekabr tarixlərində keçiriləcək.

Daşqın Əziz