Misli Premyer Liqasının XIII turunda "Şamaxı" səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.
Komandanın 17-ci dəqiqədə vurulan ilk qolunun müəllifi Kamran Quliyev Offsideplus.az-a oyunla bağlı təəssüratlarını bölüşüb:
"Gec oldu, amma güc oldu. Hər həftə olduğu kimi bu həftə də bütün ciddiyyətimizlə "Turan Tovuz"la keçiriləcək oyuna hazırlaşmışdıq. Bilirdik ki, rəqib yaxşı müdafiə olunur, əks-hücuma təhlükəli çıxırlar. Məşqçilərimiz də rəqibi analiz etmişdilər və meydançada bəzi boşluqların olacağını demişdilər. Daha istəkli idik və sonda da çox şükür ki, qələbə qazandıq. Qol vurmağıma gəlincə, yenə də məşqlərdə çalışdığımız kombinasiyalar bu qolu yaratmağımıza imkan verdi. Daha öncə "Qəbələ"yə qarşı oyunda (1:1) da qol vurmuşdum, amma həmin matçda qələbə qazanmadığımıza görə ürəkdən sevinə bilmirdim. "Turan Tovuz"la oyunda həm qol, həm də qalibiyyət məndə ikiqat sevinc yaratdı".
22 yaşlı hücumçu komanda yoldaşları ilə birgə qeyd etdiyi maraq doğuran qol sevincini bu cür şərh edib: "Mənə inanmayanlara "gedin, yatın" demək istəyirəm".