Premyer Liqanın 9-cu turunun "Zirə"- "Şamaxı" matçından sonra qonaq komandanın baş məşqçi Vüqar Əsgərli mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, o, komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib:

- Dünənki qələbəyə görə "Qarabağ"ı təbrik edirik. Oyuna gəlincə isə ağır keçəcəyini bilirdik. Çünki "Zirə"nin heyətində yerli və xarici keyfiyyətli oyunçular var. Oyunları analiz etmişdik, taktiki gedişlər etdik, alındı. Amma təəssüflər olsun ki, yenə standart vəziyyətdən qol buraxdıq. İstəməzdik belə olsun. Oyun baxımından 9 tur pis keçmədi. Futbolçular 70-80 faizini meydanda göstərirdi. Amma çox xallar itirmişik. Özü də sonuncu dəqiqələrdə. Belə fikirlər formalaşıb ki, Premyer Liqanı tərk edəcəyik, təzyiqlər var. Amma mən belə fikirləşmirəm. Komandalar arasında 2-3 xal fərqi var. Oyunlarımızı analiz edib, yaxşı hazırlaşacağıq. Yerli futbolçular axtarışındayq. Legionerlər istəyirik. Komandanı gücləndirib, Premyer Liqada qalacağıq.

- Təcrübə və keyfiyyət çatmır? Boşda olan futbolçular var, Amit Quluzadə, Fəhmin Muradbəyli. Onlara qapı açmamağınızın səbəbi nədir?

- Komandada təcrübə çatmır.Gənclərin üzərinə çox düşməli deyilik ki, niyə vura bilmirlər. Düzələcək. Qış fasiləsində fikirləşib, bir qərara gələcəyik. Legioner olmasa, təcrübəlilər götürəcəyik. Buna qədər onları götürməməyimiz büdcə ilə bağlı deyildi. Daha çox gəncləri cəlb etmək istədik. Stategiya gəncləri oynatmaq idi.

- Qışda kimisə icarəyə götütəcəksiniz?

- Milli komandaların oyunlarını izləyib, klublarla danışırıq. Yaxşı oyunçular tapmaq istəyirik.

- Ötən tur mətbuat konfransında siz yox, Cavid Hüseynov iştirak etdi. Bunun səbəbi nə idi?

- Özümüz də təzəyik, stressə dözmək var. Ard-arda son dəqiqəılərdə qol buraxırdıq. Həkim dərman verdi və konfransda iştirak etmək istəmədim.

- Amil Yunanovun durumu nə yerdədir?

- Qışda toplanışa qoşulacaq. Ağır əməliyyat keçirib.

- Hər məğlubiyyətdən sonra futbolçuları necə motivasiya edirsiz?

- Çox çətindi. Çünki bizə böyük təzyiqlər var. Futbolçular öz ailələrinin yanına məğlubiyyətlə gedirlər. Amma onlara deyirik ki, hər məğlubiyyət təcrübədi. Pis odur ki, uduzaq, amma dərs çıxarmayaq.(sportal.az)