"Qarabağ"ın fransalı futbolçusu Abdullah Zubir Avropa Liqasının qrup mərhələsinin ilk oyunları çərçivəsində "Frayburq"la matçdan (2:1) əvvəl "Futbol+" qəzetinə müsahibəsində Azərbaycan millisində oynamaq istədiyini bildirmişdi.
30 yaşlı vinger 5 ilin tamamında Azərbaycan yığmasında oynaya biləcəyini qeyd etmişdi. Zubir bununla belə AFFA-dan təklif almadığını da söyləmişdi.
Bəs görəsən, ölkənin ali futbol qurumu fransalını milliləşdirməyi planlaşdırırmı?
Sualımızı AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla cavablandırıb. O, Offsideplus.az-a açıqlamasında legioner futbolçuların milliləşdirilməsi ilə bağlı qərarı qurumun vermədiyini dilə gətirib:
"Zubirin milliləşdirilməsi üçün hələ müəyyən bir müddət var. Gələcəkdə nə olacağını söyləyə bilmərik. Ümumiyyətlə, oyunçunun milliləşdirilməsi ilə bağlı qərarı federasiyası vermir. Baş məşqçisinin istəyi ilə bu istiqamətdə lazımi addımlar atılır".
Qeyd edək ki, hazırda "Qarabağ"ın iki milliləşdirilən futbolçusu - Riçard Almeyda və Filip Ozobiç Azərbaycan yığmasında çıxış edir.
Offsideplus.az