"Kəpəz" Misli Premyer Liqasının 4-cü turu çərçivəsində sabah "Səbail"in qonağı olacaq.
Bu matçla bağlı maraqlı məqamlardan biri odur ki, Gəncə təmsilçisinin yeni transferi Əfran İsmayılov sabahkı görüşdə əsas heyətdə oynayıb-oynamamasıdır.
"Səbail"dən ayrılaraq bölgə klubuna keçən 34 yaşlı vinger 3 turdur ki, ehtiyat oyunçular skamyasında əyləşir. Gəncəlilərin baş məşqçisi Yaşar Vahabzadə geridə qalan 3 oyunda təcrübəli futbolçunun xidmətində maraqlı olmayıb.
Maraqlıdır ki, Əfran sabiq komandasına qarşı oyunda meydana çıxacağını gözləyirmi?
Offsideplus.az-a açıqlama verən futbolçu bunun baş məşqçinin qərarı olduğunu bildirib: "Oynasam da, oynamasam da, əsas komandanın qələbəsidir. Sabahkı matçda çalışacağıq ki, yaxşı oyun göstərib, xal və xallar qazanaq. "Kəpəz"in heyətində debüt etməyimə gəlincə, inşallah, baş məşqçimiz bu şansı yaradar. Bu, onun qərarıdır. Ancaq yaratmasa belə, mənim üçün əsas olan amil kollektivimizin uğurudur".
Xatırladaq ki, qarşılaşma saat 18:00-da start götürəcək.