"Qarabağ" son 23 gündə 6 oyun keçirməli olacaq.
UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisini 4 çempionat, 2 avrokubok matçı gözləyir.
Belə ki, "Qarabağ" avqustun 27-də Misli Premyer Liqası üzrə "Şamaxı", 2-4 sentyabr tarixlərində (matçın vaxtı dəqiqləşməyib) "Kəpəz"lə üzləşəcək. Komanda 8 sentyabr tarixində Avropa Liqasında ilk matçını keçirəcək.
Qurban Qurbanovun komandası 9-11 sentyabr tarixlərində "Sabah"la qarşılaşacaq, avqustun 15-də isə Avropa Liqasında ikinci matçına çıxacaq. Kollektiv Premyer Liqanın VI turu üzrə 16-18 sentyabrda "Zirə"nin qonağı olacaq.
Beləliklə, hər oyun arasında 3-4, maksimum 5 gün fərq olur.
"Qarabağ"ın çempionat matçlarından bəzilərini ertələyib-ertələməyəcəyi barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klubun sözçüsü Offsideplus.az-a açıqlamasında bildirdi ki, buna Avropa Liqasının püşkü atılandan sonra qərar veriləcək:
"Bununla bağlı hələ ki, bir qərar verilməyib. Püşk atılsın, oyunlarımızı harda keçirəcəyimiz dəqiqləşsin, daha sonra matçların qrafiki müəyyənləşəcək".