"Toplanışa gec başladıq. İstərdik ki, hazırlaşmaq üçün vaxtımız çox olsun. Bu çatışmazlığı intensiv məşqlərlə aradan qaldırmağa çalışdıq".
Offsideplus.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli evdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının I tur oyunundan sonra mətbuat konfransında deyib.
O, ilk matçların hər zaman çətin keçdiyini bildirib: "Neftçi" regionlarda xüsusi maraqla gözlənilən komandalardan biridir. Bu rəqibə qarşı oyunlar asan keçmir. Çətin olacağını bilirdik. Səviyyə fərqini aradan qaldırmağa çalışsaq da, ilk hissədə futbolçularda həyəcan var idi. Amma ikinci yarıda daha sakit oynadıq. Minimal hesabla da olsa, uduzduq. Futbolçularıma təşəkkür edirəm ki, sonadək mübarizə apardılar".
Mütəxəssis klub olaraq, strategiyalarını davam etdirəcəklərini söyləyib: "Gənc və yerli oyunçulardan ibarət dinamik komanda qurmaq istəyirik. Çatışmazlıqları transfer pəncərəsi bağlananadək aradan qaldırmaq niyyətindəyik. Hazırda ön xəttə gənc və perspektivli oyunçu axtarırıq. Danışıqlar davam edir. Ən azı qışadək legioner olmayacaq".
Əsgərli qapıçı Əkbər Vəliyevin qolla nəticələnən səhvinə də toxunub: "Səhvlər qaçılmazdır. Hazırda nəticəni yox, uşaqların təcrübə qazanmasını düşünürük. Bunun üçün əlimizdən gələni edirik".(report.az)