3 gündən sonra Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start veriləcək.
Yeni sezonda elitada 10 komanda mübarizə aparacaq. Məlum olduğu kimi, "Kəpəz" və "Turan Tovuz" illər sonra yenidən bu şansı yaxalayıb.
Həm adıçəkilən klubların, həm də "Şamaxı"nın isə hələ də rəsmi saytı yoxdur.
Klublarla bağlı ən son xəbərləri, foto-video kontenti dərc etmək üçün rəsmi veb portalın nə zaman yaradılacağını öyrənmək üçün ilk olaraq "Turan Tovuz"un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxladıq.
O, Offsideplus.az-a açıqlamasında tezliklə bu məsələnin həllini tapacağını söylədi:
"Hazırda bu yöndə iş gedir. Tamamlanma qalıb. Bir sıra xırda məsələlər qalıb, onu həll etməliyik. Əslində, daha tez, mövsümün əvvəlinə kimi hazır olmağını nəzərdə tutmuşduq. Sadəcə, komanda yeni kompletləşdiyindən, əvəzedici komanda və akademiyada struktur bölgüsü tam yekunlaşmadığından, müəyyən yubanma olacaq. Amma ən pis halda, bu ayın sonunadək saytımızı təqdim etməyi düşünürük".
"Kəpəz"in sözçüsü Azad Mustafayev də bu yöndə işlərin getdiyini bildirdi:
"Hazırda klubun rəsmi saytının açılması yönündə işlər gedir. Lakin nə zaman hazır olacağı ilə bağlı hələ ki məlumat verə bilmərəm".
"Şamaxı" komandasının mətbuat katibi vəzifəsinə yeni təyin olunan Yusif Hüseyn isə avqustun 4-də klubun yeni rəhbərliyinin təqdimat mərasiminin keçiriləcəyini və rəsmi vebsayt məsələsinin də tezliklə həll olunacağını dedi:
"Avqust ayının 4-də "Şamaxı" klubunun yeni rəhbərliyi ictimaiyyətə təqdim olunacaq. Burada bir sıra məsələlər, o cümlədən klubun rəsmi saytının yaradılması barədə də məlumat veriləcək. Artıq bu yöndə iş gedir. Ən geci, 1 ay müddətində rəsmi saytımızın açılması gözlənilir".
Daşqın Əziz