Türkiyənin Konya şəhərində keçiriləcək olan 5-ci İslam Həmrəylik Oyunlarında iştirak edəcək basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin də rəqibləri məlum olub.
C qrupunda yer alan komandamız Türkiyə, Mərakeş, Qabon və Mali ilə yarışacaq.
Püşkatma ilə bağlı millinin kapitanı Amil Həmzəyevlə əlaqə saxladıq.
32 yaşlı basketbolçu Offsideplus.az-a açıqlamasında bunları dedi:
"İlk olaraq bu ayın 26-sı hazırılıq üçün Serbiyaya gedəcəyik. İki həftəlik təlim-məşq toplanışında iki yoxlama oyunu keçirəcəyik. Daha sonra yarış üçün Konya şəhərinə yollanacağıq. 2017-ci ildə Bakıda təşkil olunan İslam Oyunlarının qalibi olmuşduq. Bu titulu qorumağa çalışacağıq. Qrupdakı rəqiblərə gəlincə, Türkiyə və Qətər hazırda yaxşı formadadır. Digər rəqiblər haqda məlumatımız yoxdur. Hazırlıq zamanı onların da oyunlarını izləyəcəyik".
Həmzəyev millinin kiçik ölkələr arasında keçirilən Avropa çempionatındakı çıxışı barədə də fikir bildirdi:
"Uzun müddətdir 5x5 ilə yarışlarda iştirak edə bilmirdik. Hətta FİBA-nın reytinqindən də çıxarılmışdıq. Daha sonra bəzi problemlər oldu. Bir sıra oyunçularımız zədə və sənəd problemlərinə görə kollektivdə ola bilmədi. Cordan Deyvis də məcburiyyətdən yığmaya çağrıldı. Deməzdim ki, yarışda pis mübarizə apardıq. Amma daha yaxşısını da bacara bilərdik. Ən azından üçüncülük olmalıydı".
Cavid Əliyev



