Yerli mətbuatda yayılan xəbərlərə görə, "Şamaxı" klubu "Neftçi"nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanova tapşırılacaq.
Fəqət tanınmış funksioner doğulduğu bölgəni təmsil edən kluba bir şərtlə gedəcəyini söyləyir. Təcrübəli futbol adamı maliyyə məsələlərinə qarışmamaq şərtilə, yalnız idarəçilik tam olaraq ona həvalə ediləcəyi halda "Şamaxı"nı təhvil alacağını bildirir.
Mövzu haqda Offsideplus.az-a danışan Tahir Süleymanov fikirlərini təfsilatı ilə ifadə etdi:
"Şamaxı" mövzusu gündəmdən düşmür. Futbol ictimaiyyətinin narahatlığı başadüşüləndir. Çempionatın başlamasına az vaxt qalıb, şəffaf bulaqlı Şamaxıda isə futbol suları durulmayıb. Hər bir layihə həyata keçirilməzdən əvvəl detallar incəliyinə kimi əsaslı şəkildə öncədən hazırlanmalıdır. Hiss olunur ki, "Şamaxı" ilə bağlı məsələlər kabinet səviyyəsindən real fəaliyyətə keçməyib hələ.
Söhbət tək maliyyə dayaqlarından getmir, AFFA xətti ilə nizamlanan digər klublarda da oxşar vəziyyətdir. Bununla yanaşı aktiv iş gedir, komandalar imkan daxilində formalaşır və bunu edən, o klublarda çalışan, cəlb edilən mütəxəssislər, onlara olan inamdır. "Şamaxı" ilə bağlı hələ 2-3 ay öncə AFFA rəhbərliyinin dəvəti ilə geniş söhbətimiz, fikir mübadiləmiz olub. Nəinki indiki durum, hələ çempionat bitməmiş mövqeyimi bildirmişəm, gecikilir artıq. Klub formalaşdırmaq asan iş deyil və zamanında baş verməlidir. Futbolda itirilən hər həftə, ay sonda böyük fəsadlar, problemlər törədir. Konkret təklif olub və "Şamaxı" rəhbərliyində təmsil olunmağım istənilib. Bilirsiniz ki, harada çalışmışamsa, heç vaxt maliyyə məsələlərinə qarışmamışam. Futbol rəhbərliyi, idarəçiliyi, əsas komandadan tutmuş uşaq futbolu, sistemin işlək mexanizm halına gətirilməsi önəmlidir. Qeyd etdiklərim "Şamaxı"da yenidən qurulmalıdır. Buna uyğun olaraq klub idarəçiliyinin tam olaraq mənə həvalə ediləcəyi halda danışıqların davam etdiriləcəyini və imkan daxilində klub/komandanın formalaşdırılması üçün qərarın tez verilməsi fikirini bildirmişəm. Vaxt yox idi, bu gün isə nəinki seytnot vəziyyət yaranıb, komandanın çempionata hazır duruma gətirilməsi artıq mümkünsüzdür. Bir şamaxılı kimi "Şamaxı"dan, təklifdən imtina etməyim mənəvi olaraq doğru olmazdı və zamanında uyğun qərarın veriləcəyi halda əsaslı işlərin görülməsi mümkün idi".
O, görülən işin keyfiyyətinin təkcə maliyyənin çoxluğundan asılı olmadığını, klublarda bacarıqlı futbol mütəxəssislərinin işləməyinin vacibliyini dilə gətirdi:
"Maliyyə dayaqları futbolda nə qədər önəmli olsa da, iş keyfiyyəti tək pulun çoxluğundan asılı deyil. Belə olsaydı, son illər PSJ və ya "Mançester Siti" mümkün olan bütün titulları qazanardılar. Son 15 ildə Azərbaycan futboluna, klublara, yerli şəraitə uyğun fantastik pullar ayrılmışdı. "Hamı elə bilir ki, futbolu hamıdan yaxşı bilir" prinsipi, naşı idarəçiliyi ilə milyonlar havaya sovruldu.
Təəssüf ki, səhvlərdən nəticə çıxarılmır, eyni düşüncə tərzi böyük ölçüdə davam etməkdədir. Həvəskar təfəkkürlə peşəkar futbol idarə oluna bilməz! Böyük futbol elmdir!
Bugünlərdə Qurban Qurbanov geniş müsahibəsində futbolun sıfırdan başlanılmasını dilə gətirdi, əsaslandırdı. Təəssüf ki, illər itirilib. Hər kəs öz bacardığı işlə məşğul olmalıdır. Azarkeş 90 dəqiqəni tribunadan və ya ekran qarşısından izləyir, gördüyünə uyğun münasibətini bildirir. Son nəticənin müsbət olması üçün futbolda çoxşaxəli işlər görülməlidir. Peşəkar futbolda mühüm olan o qədər sahələr var ki, bunlar kənardan görünmür. Bunun dərinliyini, vacibliyini ancaq bacarıqlı mütəxəssislər bilir. Təsəvvür edin, bu gün futbolumuzda müasir tələblərə cavab verən fiziki hazırlıq üzrə məşqçilərimiz çox azdır, yox dərəcəsindədir. İnfrastuktur, meydanların ideal durumu, idman tibb sahəsi, qidalanma, uşaq futboluna münasibət, sənədləşmə və digər amillər peşəkar futbolda mühüm rol oynayır. Mütəxəssis tək iş xatirinə çalışmamalıdır.
Futbolda İdeyaların həyata keçirilməsi, inkişafın təmin olunması mütləqdir. Bunu isə ancaq işini bacaran, məsuliyyətini dərk edən insanlar edə bilər. "Qəbələ" imkanlı olduğu dövründə böyük infrastruktur qurdu, qruplar yolunu keçdi. Azərbaycan futbolunda cərəyan edən "məntiqlə" indi ancaq bəhanələr gətirilməli idi. Baxmayaraq ki, istər idarəçilikdə, istərsə, məşqçi, futbolçu heyətində klubu tərk edənlər oldu, Fariz Nəcəfovun rəhbərliyi, təcrübəsi ilə minimal imkanlarla klub/komanda ayaqda durmağı bacardı, akademiya məhdud imkanlarla çalışsa da, infrastruktur, ideal meydançalar qorunub saxlanıldı, baş məşqçi Elmar Baxşıyevə güvənməklə komanda avrokuboklara vəsiqə qazandı. Hər şey puldan asılıdır "məntiqi" ilə "Qəbələ" bu uğuru qazanmamalıydı. Bu da klubda qoyulan peşəkar təməlin, işə münasibətin nəticəsidir.
"Turan" Ayxan Abbasovla müqavilə imzaladı, maliyyə məsələləri hələ tam həll edilməyib. Buna baxmayaraq, klub idarəçilərinə, baş məşqçiyə olan inam, neçə-neçə yerli futbolçunun transferini şərtləndirib. Onların bəziləri də "Şamaxı"dan gedib. Eldəniz Yusifov təcrübəli klub funksioneridir, durğunluğa görə klubdan ayrıldı. Zamanında Tərlan Quliyevi, Elvin Yunuszadəni 19-20 yaşlarında qrupda oynadırdıq, Kamal Bayramov, digərləri ilə təcrübəli futbolçulardır.
Samir Məsimov gənc yaşında finalda qol vurmuş, nəticəni təmin etmiş futbolçudur, bu gün Rusiya çempionatının birinci dəstəsində çıxış edir. Zaman-zaman obyektiv, subyektiv, fərqli səbəblərdən futbolçularda eniş yaşana bilir. Möhkəm inam, işbirliyi sayəsində onlara və adını çəkmədiklərimə yenidən şans verib ətrafında gənc futbolçularla yaxşı, mübariz komanda formalaşdırmaq olardı. Artıq bu mərhələ bitib, nə qədər çətin olsa da, "Şamaxı"ya ancaq uğurlar arzu edirəm".
Daşqın Əziz