Dünən "football.az" saytında AFFA-nın dünyaca məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunu Azərbaycan millisinin "sükanı arxasına" gətirməyə hazırlaşdığı barədə məlumat dərc olunub.
Xəbərdə 76 yaşlı çalışdırıcıyla danışıqların aparıldığı və onun bu təklifi müsbət cavablandıracağı təqdirdə ilinə 1,5 milyon avro məvacib alacağı qeyd olunub.
Mövzu ilə bağlı rəsmi münasibət öyrənmək üçün AFFA-nın mətbuat katibi Firuz Abdulla ilə əlaqə saxladıq. Qurumun sözçüsü Offsideplus.az-a açıqlamasında hazırda gündəmdə belə bir məsələnin olmadığını bildirdi: "Xeyr, belə bir məsələ yoxdur. Millinin hazırkı baş məşqçisinin müqaviləsi var və fəaliyyətini davam etdirir".
Diqqətinizə çatdıraq ki, Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ilə 2022-ci ilin oktyabr ayınadək yeni müqavilə imzalanıb.