Rusiya millisinin heyətində dünya çempionatında iştirak edəcək Aleksandr Səmədov haqda yerli mətbuatda yazı dərc edilib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı futbolçunun Azərbaycan millisindən imtina etməsinin səbəbləri haqda məlumat verilib. Yazıda Səmədovun seçimində atasının rol oynadığı qeyd edilib:
"2009-cu ildə Qus Hiddink onun yığmaya dəvət almağa namizədlərdən biri olduğunu deyirdi. Lakin o, milliyə dəvət almırdı. Səmədova atasının mənşəyi olduğu Azərbaycandan dəfələrlə təkliflər gəlirdi. Lakin bu təkliflər qəbul edilmirdi. O, bunu atasının istəyilə edirdi. Atası Səmədovun Rusiya millisində oynayacağına inandığı üçün bu addımı atırdı. Bundan əlavə, Səmədov Rusiyada legioner statusunu daşımaq istəmirdi. Səmədov yalnız 27 yaşında yığmada debüt edə bildi. O, 2011-ci ilin oktyabrın 7-də AÇ-2012-nin seçmə mərhələsində Slovakiyaya qarşı oyunda buna nail oldu. Avropa çempionatından sonra Səmədov "Lokomotiv"ə qayıtdı və vacib fiqur oldu. Komandada gözəl işlər gördü. Fabio Kapellonun gəlişi ilə millidə əsas heyət üzvü oldu. Dünya çempionatının seçmə mərhələ oyunlarının hamısında oynadı. O, 2014-cü ildə Braziliyada keçirilən mundialın qrup matçlarında oynadı, lakin milli uğursuz çıxışla yadda qaldı. Səmədov AÇ-2016-nın final mərhələsində Uelsə qarşı matçda forma geydi".
Hazırda "Spartak"da çıxış edən Aleksandr Səmədov yığmada 48 oyuna 7 qol vurub. (sportal.az)