2021/2022 mövsümü üzrə Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni bazar qiymətləri müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın legioneri Abdullah Zubir 1,2 milyon avro dəyərlə yenə ilk pillədədir.
Çempion "Neftçi"nin kapitanı Emin Mahmudovun dəyəri isə 100 min avro yüksələrək 1 milyon avroya çatıb. Hazırda Mahmudov mövsümü "Qarabağ"da keçirmiş Qara Qarayev və Mahir Emreli ilə birlikdə 2 - 4-cü pillələri bölüşür.
"Qarabağ"ın oyunçularından Filip Ozobiç və Bədavi Hüseynovun dəyəri 200 min avro düşüb və onlar hazırda (hərəyə 800 min avro) "Neftçi"nin müdafiəçisi Anton Krivotsyukla birgə 5 - 7-ci pillələri bölüşürlər.
19 qolla çempionatın bombardiri olan Namik Ələskərov qiymətini 250 min avro artıraraq, 750 min avroluq göstərici ilə 8-ci pilləyə yüksəlib. Onun komanda yoldaşı Mamadu Kane isə 100 min avroluq artımla dəyərini 700 min avroya çatdırıb və 11-ci mövqedə qərarlaşıb.
"Qarabağ"ın yarımmüdafiəçisi Uroş Matiç və "Neftçi"də çıxış etmiş Keysuke Honda hərəyə 300 min avro itirib. Matiç (700 min avro) 10-cu, Honda (500 min avro) isə 16-cı pillədədir (Report).