AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanmış müzakirələrdən sonra Birinci Divizion təmsilçiləri haqda qərar verdi.
Məlum oldu ki, “Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK və “Zaqatala” FK lisenziya tələblərinin öhdəsindən gələ bilmədikləri üçün bu klubların növbəti mövsümdə Premyer Liqada iştirakı mümkün deyil.
Səbəb məlumdur: pulsuzluq. Futbol dili ilə desək, sponsorsuzluq. Klublar AFFA-ya bank təminatı təqdim edə bilmədikləri üçün kənarda qalmağa məhkumdur. İllərdir bu cür davam edən vəziyyət düzələnə oxşamır. Nə aşağı dəstədən elitaya komanda yüksəlir, nə də Premyer Liqadan “aşağı” düşən olur.
Maraqlıdır, Premyer Liqada iştirak etmək müraciəti qəbul olunmayan klubların rəhbərləri məlum qərarla bağlı nə düşünür? Onların düşüncəsi nədir? Qərardan apellyasiya şikayəti etmək fikirləri varmı?
İlk olaraq “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə danışdıq. Klub rəhbəri Offsideplus.az-a açıqlamasında kifayət qədər səmimi fikirlər səsləndirdi: “Bu gün “Kəpəz”, “Turan Tovuz”, “Zaqatala” kimi klublara lisenziya verilməməsi düzgün deyil. Azərbaycan futbolunun inkişafını istəyiriksə, bu klublardan heç olmasa 1-2-si Premyer Liqada iştirak etməlidir. 6 ildir “Turan Tovuz”dayam, 2 dəfə çempion olmuşuq, amma hələ də “diviziondayıq”. Səbəb kluba maliyyə dəstəyinin olmamasıdır.
Məncə, sponsorluq məsələsində AFFA-da dəstək olmalıdır, rayonun iş adamları hansısa addım atmalıdır. Premyer Liqaya yüksəlməyəcəyiksə, Birinci Divizionda oynamağın nə mənası var? Bu bizə nə verir axı? Sizi inandırım, futbolçuların üzünə baxa bilmirəm. Hər il ümidləndiririk, çıxıb oynayırlar, sonu da belə.
İndiyə qədər bir çox orqanlara, bir neçə imkanlı şəxsə müraciət etmişik. Heç kim yaxın durmaq istəmir. Hər bir insan nəyəsə pul xərcləyəndə onun qarşılığında qazanmaq istəyir. Amma bizim futbolda bu mümkün deyil axı. Ona görə də qabağa duran yoxdur.
Eybi yox, ikisini buraxmasınlar, heç olmasa, birinin iştirakına icazə versinlər, növbəti mövsümdə 9 komandalı çempionat izləyək. Həm Premyer Liqaya yeni nəfəs gələr, həm də hər turda bir komanda istirahət edər. Nəsə fikirləşib, bu işin həll yolunu tapmaq lazımdır.
Birinci Diviziondan imtina etmək? İmtina etdik, nə olacaq? Məgər bu çıxış yoludur? Çempionatdan çəkilməklə heç nəyə nail olmaq mümkün deyil. Yeganə yol maliyyə dayağı tapıb, hansısa variant fikirləşməkdir. AFFA kömək etməlidir. Regionda futbol olmadıqca inkişafdan danışmaq mümkün olmayacaq. Tovuz, Zaqatala, Gəncə futbol şəhərləri, rayonlarıdır, buralarda mütləq böyük futbol olmalıdır”.