Azərbaycan Premyer Liqansının 23-cü turunda səfərdə "Keşlə" ilə 0:0 hesablı heç-heçə edən "Sabah"ın baş məşqçisi Ramin Quliyev mətbuat konfransına qatılıb.

 Offsideplus.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı bunları deyib:

"O qədər də maraqlı oyun olmadı. Amma hər iki komanda meydanda yaxşı mübarizə apardı. Hesab oyuna görə oldu. "Keşlə" komandasını yaxşı analiz etmişdik. Sonda meydanda 1 qol çatmadı. Uşaqlar yaxşı mübarizə apardı. Bu, məni çox sevindirir".

- Komandanın dördüncü qapıçısını hansı səbəbə görə meydana buraxdınız?

- Nicat Mehbalıyev gəncdir. Onun ilk oyunu idi. Nicat eyni zamanda gənclərdən ibarət Azərbaycan yığmasının əsas qapıçısıdır. Sözsüz ki, hər dəfə yox, amma ara-sıra şans vermək olar. Klub olaraq biz gənc futbolçuları sınamalıyıq. Gələcək üçün lazım olacaq. Onu təbrik edirəm.

- Sizin digər belə gənc qapıçınız var. Bu məntiqlə ona da şans verəcəksiniz?

- Bəli, o da gözlənilir. Biz elə ona görə Alvaronun adını heyətə salmadıq ki, Nicata nəsə olsa, digər gənc qapıçımız Samiqulinə şans verək. Gələcək oyunlarda hər bir qapıçı iştirak edəcək.

- Komanda 2 oyundur qol vura bilmir. Bu çatışmazlığı necə aradan qaldırmaq mümkün olacaq?

- Razıyam sizinlə. Ötən oyunda da komanda şanslarından istifadə edə bilmədi. Qol vurmaq üçün vaxt lazımdır. Amma qol buraxmamağımız sevindirici haldır.