Sabah Azərbaycan Premyer Liqasında 21-ci turun oyunları start götürəcək.

Offsideplus.az xəbər verir ki, maraqlı oyunlardan biri aprelin 4-də "ASK Arena"da baş tutacaq. Çempionluğa iddialı "Qarabağ" 7-ci pillədə qərarlaşmasına baxmayaraq, rəqiblərinə başağrısı yaratmağı bacaran "Keşlə"nin qonağı olacaq.

Ağdamlılar oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, millinin Bakıdakı toplanışında zədələnən Qara Qarayev fərdi məşq etdiyi üçün mübarizə apara bilməyəcək. Həmçinin Serbiya ilə Bakıdakı görüşdə (1:2) zədələnərək meydanı vaxtından əvvəl tərk edən Mahir Emreli də oyunu kənardan izləyəcək. Kabo-Verde yığmasının heyətinə cəlb olunan Patrik Andrade Bakıya bu gün səhər saatlarında gəlib. "6 nömrə"nin uzaq Afrikadan gəldiyini və istirahət üçün vaxta ehtiyacı olduğunu nəzərə alsaq, Qurban Qurbanovun ona əsas heyətdə şans verəcəyi inandırıcı görünmür. Mübarizəyə sonradan qoşulacağı ağlabatandır. 

Qeyd edək ki, "Keşlə" - "Qarabağ" dueli bazar günü saat 18.30-da başlayacaq.