Serbiya milli komandasının futbolçusu Stefan Mitroviç Portuqaliya ilə oyundan sonra (2:2) fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Azərbaycan millisi ilə keçirəcəkləri görüşə ciddi yanaşmalarının vacibliyini vurğulayıb:

"Bu komanda və onun hər bir oyunçusu ilə fəxr edirəm. Amma ilk iki oyuna qurduqlarımızı dağıda bilmərik. Matçdan-matça artırmalı, ürəklə və cəsarətlə oynamalı, qələbələr qazanmağa və xallar toplamağa davam etməliyik. Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə görüşlərdə xallar toplayan komanda gedəcək. Bu, köklənməli olduğumuz oyundur".

Mitroviç 90+3-cü dəqiqədə Kriştianu Ronaldunun sayılmayan qol epizodunu da şərh edib. Təcrübəli oyunçu topu qapı xətti üzərindən çıxardığını iddia edib: "Ronaldunun situasiyaya öz baxışı var. O, əsəbiləşə bilər, amma mən topun qapı xəttini keçdiyini düşünmürəm. Nəticədən o qədər də razı deyilik, çünki qələbəyə doğru gedirdik".

Qeyd edək ki, Azərbaycan millisi martın 30-da saat 20:00-da Bakıda Serbiya yığmasını qəbul edəcək (Report).