Qurban Qurbanov yığmaların oyunları ilə bağlı yaranmış üç həftəlik fasilədən məmnun ola bilməz.
Offsideplus.az xəbər verir ki, 15 futbolçu "Qarabağ"ın fasilə dönəmindəki hazırlığında iştirak edə bilməyəcək. Maksim Medvedev də yığmaya qoşulandan sonra Canni de Byazinin sərəncamında 10 "Qarabağ"lı olacaq. Daha 3 nəfər U-21-in sıralarındadır, Patrik Andrade Kabo-Verde millisinə kömək etmək üçün Azərbaycanı tərk edəcək. Rahil Məmmədov isə zədəsini sağaltmaqla məşğuldur.
İndi "Qarabağ"da, demək olar, yalnız əcnəbilər qalıb. Buna baxmayaraq, Qurban Qurbanov fasilə müddətində yoldaşlıq görüşünün keçirilməsində maraqlıdır. "Qarabağ-2"dən bir neçə futbolçunun əsas komandaya qatılmasını istəyən baş məşqçi yetirmələrini milli ilə oyunda iş başında görəcək. Rəqib isə Milan Obradoviçin rəhbərlik etdiyi U-21-dir.
Oyun martın 20-də keçiriləcək və matçın start fiti saat 17.00-da çalınacaq. Məkan isə Tofiq Bəhramov adına Respublika stadionudur. Təbii ki, son anda ortaya hansısa ciddi problem çıxmasa.
Məlumatları klubun mətbuat katibi Gündüz Abbaszadə ilə söhbətdə öyrəndik.