Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.
Offsideplus.az-ın "Bakcell"in rəsmi saytına istinadən verdiyi xəbərə görə, əldə edilmiş razılığa əsasən qeyd olunan stadion növbəti il ərzində də “Bakcell Arena” adlandırılacaq.
Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb. 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda 17 VİP skayboks, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir.