"Qarabağ"ın oyunçusu Kevi Medina "Neftçi"nin futbolçusuna qarşı kobud hərəkətinə görə ağır cəzalana bilər.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda "Neftçi"yə qarşı matçda kolumbiyalı futbolçu rəqib oyunçu Mamadu Kaneni kəllə ilə vurub. Bu, oyunun rəsmi protokolunda təcavüzkar davranış kimi qeyd edilib. Qaydaya əsasən, belə hərəkət bir futbolçu tərəfindən digər futbolçuya qarşı yönəlirsə, onu 3-4 oyunluq cəza gözləyir.
Matçın 22-ci dəqiqəsində Maksim Medvedyevə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin müdafiəçisi Ömər Buludova isə 2 oyunluq cəza verilə bilər. Azərbaycan derbisində 2-ci sarı vərəqədən sonra "qırmızı" alan "Neftçi"nin digər oyunçuları Mamadu Kane və Voyislav Stankoviçə isə 1 oyunluq cəza veriləcək.
Qeyd edək ki, qərarları AFFA İntizam Komitəsinin gələn həftə açıqlayacağı gözlənilir (Qol.az).