Bu gün Azərbaycan futbolunun ən böyük iki azarkeş qrupundan biri olan “Forza Neftçi” 12 yaşını qeyd edir. 2009-cu ildə yaranan qrup ölkənin ən çılğın, kreativ azarkeşləri hesab olunur. 1 ilə yaxındır tribunasız qaldıqları dönəmdə fanatların hansı hislər keçirdiyini anlamaq çətin deyil.
Odur ki, “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevlə əlaqə saxlayıb, offsideplus.az-ın suallarına cavab tapdıq.
- Ad gününüzü ilk dəfə olaraq tribunasız qeyd edirsiz. Nə hisslər keçirirsiz?
- Adicə 12 il əvvələ qayıdıb, uşaqlarla söhbət edəndə adama xoş gəlir. Bu qrupu yaradanda heç kim inanmırdı ki, alınar, bacararıq. Çünki o vaxtlar tribunalar yavaş-yavaş inkişaf edirdi. Var idi, amma mentalitetə gətirmək çətin idi. Lakin 12 ildə əsl azarkeş qrupu yaratmağı bacardıq. Ən əsası burada ailə ortamı qura bildik. Böyük bir iş ortaya qoyduq ki, azarkeş qrupundan ailəyə çevrildik. Azarkeş qrupları var ki, həftəsonu oyuna gəlir, oyun qutardı, çıxıb getdi. Amma biz azarkeş qrupundan əlavə, hər gün bir-birimizlə görüşən insanlarıq. İnsanlar bir-biriləri ilə ailəvi dost oldular. Yəni 12 ildə biz azarkeş qrupu yox, ailə yaratdıq.
- Qadağaların tətbiq olunduğu vaxtda komandaya kənardan hansısa şəkildə dəstək verə bilirsiz?
- Sözün düzü, bu il bizim üçün 12 ildə ən ağırı idi. Vətən uğrunda şəhid qardaşlarımız oldu, Allah hamısına rəhmət, qazilərimizə isə şəfa versin. Pandemiya səbəbindən tribunadan ayrı qalarkən, bir oyun gedib stadiondan kənarda komandaya dəstək olduq. Onda da polislər imkan vermədi ki, asayiş pozulur. Belə isə kafe-restoran sistemində oturub oyuna baxırıq. Az adam olaraq və karantin qaydalarına əməl edərək oyunları izləyirik. Düzdür, azarkeşlik edirik, amma ağır olur bir az. Çünki biz stadionlarda olmuşuq, belə bir şeyə həmişə qarşı olmuşuq ki, azarkeşin yeri stadiondur.
- “Neftçi” azarkeşsiz tribunalar qarşısında çıxış etsə də, çempionluğa iddiasını davam etdirir. Siz də olsaydınız, daha yaxşı olmazdımı?
- Əlbəttə, bizim ən böyük istəyimiz tribunada olmaqdır. Bu gün komandanın çempionluq şansı var. Son tura, kubok oyununa qədər ümiddəydik. Amma “Zirə”yə uduzmaq azarkeşləri məyus etdi. Gözləyirdik ki, “Zirə”ni keçib yarımfinala yüksəlməklə bizə hədiyyə edərlər. Sağ olsunlar, yenə də... Heç nə, əsəbləşdik. İnşallah, mövsüm sonunda "Neftçi" çempion olar, dövlətimiz də bu qadağanı aradan qaldırar. Stadionda olsaq komandaya böyük dəstək olardıq. Çempionluq üçün əlimizdən nə gəlirsə, ən yaxşısını ortaya qoyarıq.
- Baş məşqçi Samir Abasovdan gözləntiləriniz nədir?
- Samir Abasovdan çox böyük gözləntilərimiz var. Kubokda komanda dayandı, amma Samir müəllim “Zirə”də adından söz etdirib. “Sumqayıt”da pis məşqçi olmadığnıı göstərib. Lakin “Neftçi” onlardan fərqli klubdur. “Neftçi” Azərbaycanda yeganə klubdur ki, burdan çıxan məşqçi iş tapmaqda çətinlik çəkir, evdə oturur. İnşallah ki, Samir müəllimə güvənirik, güvənimizi boşa çıxarmaz.
- Fevralın 13-də baş tutacaq “Qarabağ” – “Neftçi” derbisi ilə bağlı plan qurmusuz?
- Bizim yerimiz stadiondur, bu gün plan qurmağımız çətindir. Lakin əlbəttə ki, azarkeş qrupu olaraq oyuna birlikdə baxacağıq.