"Sumqayıt"ın yeni transfer Mehdi Şərifi "footballi.net" nəşrinə açıqlamasında İranın "Peykan" klubundan ayrılması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, 2019/2020 mövsümündə də "gənclik şəhəri" təmsilçisinin formasını geyinmiş 29 yaşlı hücumçu İran futboluna qayıtmasının yanlış addım olduğunu bildirib: "Mənim ən böyük səhvim Azərbaycandan ayrılıb, "Peykan"a qoşulmaq oldu. Halbuki "Sumqayıt"da yaxşı maliyyə şərtləri ilə oynayırdım. İranda bəzi məsələlər oldu. İndi bu barədə danışmaq istəmirəm. Pandemiya ilə bağlı klubda maliyyə problemi yarandı ki, bu da fikir ayrılıqlarına gətirib çıxardı. Nəticədə yollarımızı ayırmağa qərar verdik. Yaxşı ki, səhvimi tez başa düşdüm və daha yaxşı təkliflə "Sumqayıt"a qayıtdım".
Şərifi "Peykan" klubunda baş verənləri yaddan çıxarmaq və formaya düşmək üçün zamana ehtiyacı olduğunu vurğulayıb: "Əvvəlcə fiziki formamı bərpa etməliyəm. "Sumqayıt"a da bunun üçün qayıtdım. Burada hər şeyin düzələcəyinə inanıram. "Sumqayıt"a sonuncu dəfə "Persepolis"dən ayrıldığım vaxt gəlmişdim və fiziki cəhətdən çox yaxşı formada idim. Amma indi vəziyyət başqa cürdür. "Peykan"da başıma gələnlərdən sonra ideal formamı bərpa etmək üçün daha çox çalışmalıyam".
Qeyd edək ki, Mehdi Şərifi "Sumqayıt"la cari mövsümün sonunadək müqavilə imzalayıb.