"Bavariya" ölkə kuboku uğrunda mübarizəni erkən dayandırdı.
Münhenlilər çoxlarının gözləmədiyi halda ikinci mərhələdə ikinci Bundesliqa təmsilçisi "Holştayn"a boyun əydi. Əsas vaxt 2:2 başa çatdı, uzatma dəqiqələrində qapılara qol vurulmadı, penalti seriyasında aşağı liqadan olan komanda kubokun son sahibini məğlub etməyi bacardı.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra "Bavariya"nın baş məşqçi Hansi Flik şokda olduğunu gizlətməyib. Hər halda klub saytına açıqlamasında bunu özü etiraf edib: "Bu, bir şokdur. Çox üzgünük, çünki kubok het-trikini növbəti dəfə gerçəkləşdirmək istəyirdik. Oyuna nəzarət etsək də, rəqibin son saniyə qoluna mane ola bilmədik. Müdafiədə diqqətli oynamalıyıq. Rəqibi əzmkar oyuna görə təbrik edirəm".
Komandanın aparıcı futbolçularından olan Tomas Müller şokda olduğunu əməli ilə göstərib. Belə ki, xanım jurnalist futbolçuya yaxınlaşaraq ona sual verib. Müller xanımın güldüyünü və sanki "Bavariya"nın məğlubiyyətinə sevindiyini düşünərək həmkarımıza "qabağımda durub gülürsüz, bəli-bəli, gülürsüz, mən görürəm" sözlərini deyib. Kiçik anlaşılmazlıqdan sonra tərəflər bir-birini başa düşüb və Tomas sualları cavablandırıb.