"Zirə" Borçe Xristovla yollarını ayırdığını rəsmən açıqladı.
Həmin məşqçi ki, Rəşad Sadıqov baş məşqçi postuna təyin olunduqdan sonra onun istəyi ilə "Qarabağ"dan "Zirə"yə gəlmişdi. Həmin məşqçi ki, Sadıqovla U-21-də işləmişdi. Həmin məşqçi ki, 2007-ci ildən bu yana fasilələrlə olsa belə, Azərbaycanda çalışırdı.
Bəs birdən-birə nə baş verdi? "Zirə" avrokuboklara doğru inamla addımladığı halda makedoniyalı mütəxəssis niyə illərdir tanıdığı Rəşad Sadıqovdan ayrı düşdü?
Offsideplus.az məsələyə aydınlıq gətirmək üçün səbəbkarla əlaqə saxladı. Vətəni Makedoniyada olan 50 yaşlı mütəxəssis ayrılığın konkret səbəbini söyləməsə də, heç kimlə problem yaşamadığını bildirdi: "Artıq 4 gündür Makedoniyadayam. Baş məşqçidən icazə alıb gəlmişdim, hətta biletimi klubdan almışdılar. Bura gələndən sonra klub rəsmiləri ilə telefon danışığım oldu. Bəzi məsələləri müzakirə etdik və başa düşdük ki, yolların qarşılıqlı razılıq əsasında ayrılması çıxış yoludur. Detallara varmaq istəmirəm. Bu suala baş məşqçi cavab verə bilər.
Rəşadla mən uzun illərin dostuyuq. Aramızda heç bir problem olmayıb, ola da bilməz. O, futbolçu kimi "Qarabağ"da oynayanda mən məşqçilər heyətində yer alırdım, o, "Qarabağ"ın U-19 komandasını çalışdıranda mən akademiyanın rəhbəri idim. 2 il əvvəl U-21-də birlikdə işlədik və bu il "Zirə"yə birgə gəldik. Rəşad mənim balaca qardaşım, yaxın dostumdur. Bacarıqlıdır, istəklidir, ümid edirəm ki, ən qısa zamanda milli səviyyəsinə qədər yüksələcək. Deməyim odur ki, klubdan ayrılmağımda baş məşqçi ilə aramda hansısa narazılıqdan söhbət gedə bilməz. Sadəcə, bəzi məsələlərin müzakirəsindən sonra bu qərara gəldik".