Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilməli və start fiti bu gün saat 14.00-da çalınmalı olan "Sabah" - "Səbail" qarşılaşması təxirə salındı.

"Səbail"in  futbolçularının verdiyi koronavirus testinin cavabı müsbət olduğundan, PFL dünən axşam matçın ertələndiyini açıqladı. Oyunun hansı tarixdə keçiriləcəyi məlum deyil. Məlum olan odur ki, "Səbail"lilər bu gün növbəti dəfə testdən keçiblər və axşama qədər cavablar bilinəcək.

Maraqlıdır, cavablar ürəkaçan olacağı təqdirdə "Səbail" - "Sabah" görüşü sabah keçirilə bilər? Nəzərə alaq ki, sabah turun daha iki matçı keçirilməlidir. “Qəbələ” “Neftçi”ni, “Zirə” “Keşlə”ni qəbul etməlidir. Belə olacağı halda təxirə salınan qarşılaşmanı təşkil etmək mümkün olacaqmı? Çünki eyni gündə 3 oyun keçirmək həm yayın, həm də paytaxtda tətbiq olunan komendant saatı baxımından müəyyən çətinliklər yarada bilər.

PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev offsideplus.az-a verdiyi açıqlamada bunları söylədi: "İndidən fikir bildirmək nə doğru olar, nə də mümkündür. Çünki ilk növbədə təkrar testin cavablarını bilməliyik. Yalnız bundan sonra hansısa addımlar atmaq mümkündür. Təki cavablar neqativ çıxsın, oyunun vaxtı ilə bağlı nəsə fikirləşmək olar. Məsələn, sabah iki oyunun başlama saatını eyni vaxta təyin etmək. Lakin bu da asan iş deyil. Oyunu keçirmək üçün təkcə meydan və top kifayət etmir. Yayınla bağlı məsələ var, polislər, yanğınsöndürənlər, həkimlər olmalıdır stadionda. Bu kimi məsələlər əvvəldən danışılıb,razılaşdırılır. Ona görə də dəqiq söz demək olmur".