AFFA İntizam Komitəsi "Zirə"nin qapıçısı Mateus Albinonu bir oyunluq cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb qolkiperin Premyer Liqanın IX turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulmasıdır.
Qəsəbə təmsilçisi bunun üçün 200 manat ödəməli olacaq. "Sabah"ın isə 4 oyunçusu sarı vərəqə alıb və kluba 800 manat məbləğində cərimə kəsilib.
Komitə "Sumqayıt” klubuna da eyni cəzanı verib. Buna 5 oyunçunun səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları matçda sarı vərəqə alması səbəb olub.
"Keşlə"nin "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdiyi matçda klubların bəzi rəsmi şəxsləri "A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.
"Qarabağ"ın "Neftçi"ni 6:0 hesabı ilə darmadağın etdiyi görüş öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün paytaxt klubu 400 manat cərimə olunub.