"Kənardan baxan hamı görür ki, "Neftçi"də hücumçu problemi var. Mən də sizə açıq deyirəm, baş məşqçi Füzuli Məmmədov da bildirib ki, belə bir futbolçu ilə müqavilə bağlayacağıq. Bu, bir saatda da baş verə bilər, sizinlə verilişdə olanda da".
Offsideplus.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin idman direktoru Ceyhun Sultanov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində deyib.
O bildirib ki, futbolda hər şey mümkündür: "Bunlar futbolçudurlar. Bu gün bir, sabah isə başqa söz deyə bilərlər. Ona görə son nöqtəni gözləyirik. Bu gün transfer edirsənsə, onunla danışırsan. Futbolçunun müqaviləsi ola bilər, bəzən yoldaşı da məsləhət verir, onun da razılığı ola bilər. Transferlər asanlıqla gerçəkləşmir. Milyonlar olsa, mən də rahat oturar, milyonu verər, oyunçu gətirərəm. Məhdud büdcə var ki, ona uyğun oyunçu gətirməliyəm. Hər bir komanda istəyər ki, top futbolçuları gətirsin".
Qeyd edək ki, "Neftçi"nin konqolu hücumçu Prins İbarra ilə müqavilə bağlayacağı gözlənilir.