“Qarabağ" klubunun yeni transferi Uroş Matiç müsahibə verib.
- Yeni komandanızda özünüzü necə hiss edirsiniz?
- “Qarabağ”ı əvvəldən tanıyır, bilirdim ki, böyük klubdur. 3 dəfə Bakıda bu komandaya rəqib olmuşam. Bunların biri Danimarka “Kopenhagen”ində, 2-si isə Kipr APEOL-ində çıxış edərkən idi. Yəni, “Qarabağ” haqqında çox şey bilirdim. Bura gəlməmişdən əvvəl bir çox insanla danışmışdım. Cəmi 5 gün bəs etdi ki, “Qarabağ”ın böyük ailə olduğunu görüm.
- Maraqlıdır, Ağdam klubundan təklif alanda kimlərlə məsləhətləşmişdiniz?
- Komandanın keçmiş qapıçısı Asmir Beqoviçlə danışmışdım. Çünki o, mənim yaxın dostumdur, qardaş Nemanya Matiçlə birlikdə “Çelsi”də çıxış edib. Beqoviç “Qarabağ” haqqında xeyli müsbət fikir səsləndirdi. Bu amil də qərar verməyimdə vacib rol oynadı.
- Bəs təklif nə vaxt gəldi?
- Bir neçə gün danışıqlar oldu. Gördüm ki, “Qarabağ” ciddi klubdur, hədəfləri, iddiası var, avrokuboklarda uğur qazanmaq istəyir. Klubla hədəflərimiz üst-üstə düşdüyündən, təklifi qəbul etdim. Mən də uğur qazanmaq istəyirəm.
- Yeni komandanıza uyğunlaşa bilirsiniz?
- Cəmi 4 gündür komanda ilə birlikdəyəm. Uyğunlaşmaq üçün elə də çox vaxt lazım deyil. Çünki artıq çəkim yoxdur, buraya hazır formada gəlmişəm. Əlbəttə, yeni komandadır, yeni baş məşqçi ilə çalışıram. Buna baxmayaraq, sürətlə adaptasiya olacağam. Çünki biz peşəkar futbolçularıq. Bir neçə gündən sonra bir-birimizi daha yaxşı başa düşəcəyik.
- Qardaşınız Nemanya Matiçlə bağlı xüsusi sual vermək istərdik. Onun bir müddət öncə erməni bayrağı ilə çəkilmiş şəkil paylaşması Azərbaycanda xeyli müzakirə və tənqid olundu. Yəqin ki, Azərbaycan və Ermənistan arasındakı münaqişədən xəbərdarsınız...
- Nəyi nəzərdə tutduğunuzu bilirəm. Bu, siyasi gediş idi. Nemanya həmin fotoya baxmamışdı. Plakatdakı sözləri, orada nə yazıldığını oxumamışdı. Sonradan insanlar ona bunun nə demək olduğunu izah ediblər. Biz sülhün tərəfdarıyıq, münaqişə istəmirik. Çünki bu, futbola aid məsələ deyil.
- Qardaşınız həmin vaxt əsl həqiqəti bilmirdi. Olarmı, indi üzərində “Qarabağ - Azərbaycanındır!” sözləri yazılmış Azərbaycan bayrağı ilə şəkil çəkdirsin, biz də bunu paylaşaq?
- Bu, siyasi məsələdir. Nemanya başqa komandada çıxış edir. Əlbəttə, qarşısında Azərbaycan bayrağı görsə, onunla şəkil çəkdirər. Mən siyasətə qarışmaq istəmirəm.
- Nemanya “Qarabağ” haqqında bilir?
- Bəli, o da Asmirdən məlumat alıb. Böyük komandaya keçdiyimi bilir. Mənim “Qarabağ”a keçidimdən məmnundur.
- Ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıdakı cavab görüşündə APOEL-in heyətində siz olmasaydınız, “Qarabağ” qalib gələrdi, yoxsa Kipr klubu?
- “Qarabağ” APOEL-dən yaxşı oynasa da, biz qollar vurub qalib gəldik. Şanslar 50/50-yə idi. Sonda APOEL 2:0 hesablı qələbə qazandı və ikinci qolu mən vurdum. Bu, futboldur. “Qarabağ”la yenidən avrokuboklarda oynayacağım üçün sevinirəm. Məncə, önəmli olan budur. (Report)